Onun neştəri var, sizin ağlınız... | Ağcaqanadları ac qoymağın 7 yolu

      Onun neştəri var, sizin ağlınız...   | Ağcaqanadları ac qoymağın 7 yolu
  22 İyul 2024    Oxunub:2201
Yay fəslində axşam istirahətini, təbiətin qoynunda dincəlməyin zövqünü nə korlaya bilər? Əlbəttə ki, pis adamlar və ağcaqanadlar. Birinciləri özünüz necəsə yola verin, biz isə ağcaqanadlarla nə etmək lazım olduğundan danışacağıq.
Qulağın dibindəki vızıltı və dəridəki qaşınmadan qurtula bilmək üçün bir neçə işlək metod var.

1. Pivə içməyin

Yaponiyada aparılan tədqiqat göstərib ki, hətta bircə bokal pivə belə, insanın ağcaqanadlar üçün cəlbediciliyini artırır. Ona görə də, pivə içməyin.
Soruşa bilərsiniz ki, “Əgər pivə içməyəcəyiksə, daha bunun harası istirahət oldu?” Haqlısınız. Amma biz bu yazıda ümumfəlsəfi suallara cavab verəcəyimizə boyun olmamışdıq. Ona görə də, sadəcə bir cığallıq öyrədə bilərik. Ağcaqanadların pivə sevgisindən xəbəri olmayan binəvalardan birini qurban seçərək, ona bircə bokal pivə içirdin. Vəssalam, bütün ağcaqanadlar ona daraşacaqlar. Vicdansız metoddur, amma işləyir.

2. Gen paltar geyinin

Ağcaqanadın neştəri dar, bədənə yapışan paltarları asanlıqla dəlib keçə bilir. Amma gen paltardan keçəndən sonra dəriyə çatmayacaq. Əlbəttə, əgər sizə ürcah olan ağcaqanad neştərinin uzunluğuna görə dünya çempionu deyilsə! Gen paltarın altından bir qat da alt paltar olsa, hətta dünya çempionu da neştərini sındıracaq. Amma bu da həqiqətdir ki, yayda adətən heç kim iki qat paltar geyinmir.


3. Güllər ağcaqanadları qovur

Əgər oturduğunuz məkanda güllər və bağ bitkiləri – xüsusən də lavanda, rozmarin, nanə, çobanyastığı, reyhan, kalendula varsa, ağcaqanadların ifasında Bethovenin 11-ci simfonyasını dinləmək ehtimalınız sıfıra bərabərdir. Təkcə ona yox ki, Bethovenin cəmi 9 simfoniyası var. Həm də ona görə ki, sadaladığımız bitkilərin ətri ağcaqanadları qaçırdır. Bu həşəratlar “bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar” məsəlinin ikinci hissəsində məskunlaşıblar. Onların yeri səliqəli, baxımlı həyət yox, qarışıq, çirkli, səliqəsiz landşaftdır.

4. Durğun sulardan uzaq durun

Gölməçə, bataqlıq kimi yerlər ağcaqanadların cənnətidir. Amma ağcaqanadlar da insanlar kimidirlər: heç də hamısı cənnətə düşmür, ona görə hətta uşaq hovuzunda, çəlləkdə, çəndə, vedrədə qalmış durğun su belə bu həşəratları cəlb edir. Çünki onlar məhz durğun su olan yerlərdə çoxalırlar. Bu məlumatla silahlanandan sonra nə etmək lazım olduğunu yəqin, özünüz başa düşdünüz.

5. Tüstü ağcaqanadları qaçırır

Biz azərbaycanlılar hər getdiyimiz yerdə boşuna kabab çəkib, samovar qalamırıq ki... Tüstü ağcaqanadların iybilmə hissini korşaldır və onlar sadəcə olaraq, insanı tapa bilmirlər. Tüstünün çıxdığı ocağa nanə, lavanda, şalfey atanda isə ümumiyyətlə, dabanlarına tüpürürlər.


6. Qan qrupunuzu nəzərə alın

Ağcaqanadlar 1-ci qrupdan olan qanı xüsusilə çox sevirlər. Ona görə yox ki, bu qan ağcaqanad aləmində delikates sayılır. Hər şey daha sadədir: qanı birinci qrupdan olan insanlar tərləyərkən dərilərində yaranan bakteriyalar ağcaqanadları üçün cəlbedicidir. “İndi nə edək”, - soruşa bilərsiniz,- “qanımızı dəyişək?!” Haqlısınız. Bir halda ki, qanı dəyişmək olmur, onda çaılışın, az tərləyin.

7. Tər, təzə-tər...

İnsan tərinin tərkibində süd turşuzu (laktat) var. Ac insan üçün kabab iyi nədirsə, ağcaqanad üçün də laktat təxminən odur. Onlar bu turşunun iyini xeyli uzaqdan hiss edə bilirlər. Ona görə də, ağcaqanadları çaşdırmaq üçün tərə qarşı vasitələrdən istifadə edin. Qoy, heç olmasa yolu asanlıqla tapmasınlar, əclaflar...

Samir Quliyev
AzVision.az


Teqlər: Ağcaqanad   İstirahət   Lifehack  





Xəbər lenti